-ne-istesen
  Az.res.D.E. haqqında qanun
 
"Dini Etiqad Azadlığı Haqqında" Azərbaycan Respublikasının Qanunu I Fəsil. Ümumi Müddəalar Maddə 1. Dini etiqad azadlığı Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Hər bir şəxsin dinə münasibətini müəyyənləşdirməsində, dinə etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak etməsində, dini öyrənməsi yolunda hər hansı maneçiliyə yol verilmir. Dini etiqadların, dini həyat tərzinin və ibadətlərin zor işlədilməklə və ya insanlar arasında nifaq salmaq məqsədi ilə təbliği, dini etiqada məcbur etmək qadağandır. Dini etiqad azadlığının həyata keçirilməsində yalnız dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə görə və Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olan hüquq və azadlıqların mühafizəsi üçün zəruri hallarda məhdudiyyətlər qoyula bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Maddə 2. Dini etiqad azadlığı haqqında qanunvericilik Dini etiqad azadlığı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq dini etiqad azadlığının və dini qurumların fəaliyyətinin əsas təminatını müəyyən edən bu Qanundan, Azərbaycan Respublikasının ona uyğun başqa qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Dini etiqad azadlığı haqqında Qanunun vəzifələri Bu Qanun: - Azərbaycan Respublikasında hər bir şəxsin dinə öz münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır; - Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının qəbul etdiyi beynəlxalq hüquq normalarına müvafiq surətdə sosial ədaləti, bərabərliyi, vətəndaşların dinə münasibətindən asılı olmayaraq onların hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir; - dini qurumlara münasibətdə dövlətin vəzifələrini müəyyənləşdirir; - dini qurumların dövlət və cəmiyyət qarşısında vəzifələrini müəyyən edir; - adamların dünyagörüşündən və dini əqidəsindən asılı olmayaraq milli əxlaqın və humanizmin təzahürü, vətəndaşların əmin-amanlığı və əməkdaşlığı üçün əlverişli şəraiti himayə edir; - dini qurumların fəaliyyəti ilə əlaqədar münasibətləri nizama salır. Maddə 4. Vətəndaşların dinə münasibətindən asılı olmayaraq hüquq bərabərliyi Azərbaycan Respublikasının vətəndaşları dinə münasibətindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində qanun qarşısında bərabərdirlər. Vətəndaşın dinə münasibətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız öz istəyi ilə yol verilir. Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir. Maddə 5. Dövlət və dini qurumlar Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır. Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Bir din və dini qurum üçün digərinə nisbətən hər hansı üstünlük və ya məhdudlaşdırmalar müəyyən edilməsinə yol verilmir. Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər. Dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə din xadimlərinin din xadimi kimi fəaliyyəti həmin müddətdə dayandırılır. Dini qurumlar Azərbaycan Respublikasının mövcud qanunlarına əməl edir və məsuliyyət daşıyırlar. Maddə 6. Dinin məktəblə münasibəti Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır. Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər. Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər. II Fəsil. Azərbaycan Respublikasında dini qurumlar Maddə 7. Dini qurumlar Dini icmalar, idarələr və mərkəz, dini qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar. Di ni qurumlar yetkinlik yaşına çatmış şəxslərin dini etiqad azadlığı hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı və dini yaymaq üçün yaradılmış könüllü təşkilatlardır. Dini qurumlar bu Qanuna və təsdiq olunmuş nizamnamələrinə (əsasnamələrinə) müvafiq surətdə fəaliyyət göstərirlər. Maddə 8. Dini icma Dini icma dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini qurumudur. Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər, qeyri-müsəlman dini icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır. Maddə 9. Dini mərkəz və idarələr Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam dini mərkəzində – Qafqaz Müsəlmanları İdarəsində birləşirlər. Təşkilati mərkəzlərin xaricdə olan qeyri-islam dini qurumları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta bilərlər. Dövlətin dini mərkəzlə və idarələrlə, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda olan dini mərkəzlərlə və idarələrlə qanunla tənzimlənməyən münasibətləri onların öz aralarında və dövlət orqanları ilə razılaşmalara müvafiq surətdə nizamlanır. Dini mərkəz və idarələr öz nizamnamələrində (əsasnamələrində) nəzərdə tutulmuş qaydada ibadətgahlar, ziyarətgahlar, dini tədris müəssisələri və dini qardaşlıqlar yarada bilərlər. Maddə 10. Dini tədris müəssisələri Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini tədris müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini tədris müəssisəsi yarada bilməz. Dini tədris müəssisələri ilə dini mərkəz və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən edilir. Əyani ali və orta dini tədris müəssisələrində təhsil alanlar dövlət tədris müəssisəlrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. Maddə 11. Dini qurumların nizamnamələri (əsasnamələri) Dini qurumun hüquq qabiliyyətini mülki qanunvericiliyə müvafiq surətdə müəyyən edən nizamnaməsi (əsasnaməsi) olur. Dini qurumun nizamnaməsi (əsasnaməsi) dindar şəxslərin ümumi yığıncağında və ya dini qurultaylarda, konfranslarda qəbul olunur. Dini qurumun nizamnaməsində (əsasnaməsində) aşağıdakılar göstərilməlidir: 1) dini qurumun növü, dini mənsubiyyəti və yeri; 2) dini qurumun dini birliyin təşkilat quruluşunda yeri; 3) dini qurumun əmlak vəziyyəti; 4) dini qurumun müəssisələr, kütləvi informasiya vasitələri, digər dini qurumlar, tədris müəssisələri təsis etmək hüquqları; 5) dini qurumun nizamnaməsinə (əsasnaməsinə) dəyişikliklər və əlavələr etmək qaydası; 6) dini qurumun fəaliyyətinə xitam verildikdə əmlak məsələlərinin və başqa məsələlərin həlli qaydası. Nizamnamədə (əsasnamədə) həmin dini qurumun fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar digər məsələlər də əhatə oluna bilər. Dini qurumun dini etiqad fəaliyyətini müəyyən edən, digər daxili məsələlərini həll edən sənədlər dövlət orqanlarında qeydə alınmalı deyildir. Dini qurumun nizamnaməsi (əsasnaməsi) öz dini mərkəzinin (idarəsinin) nizamnaməsinə uyğun olmalıdır. Dini qurum onun nizamnaməsi (əsasnaməsi) dövlət qeydiyyatına alındığı andan hüquqi şəxsdir. Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı on nəfər yetkin yaşlı şəxs icmanın təsis protokolu və nizamnaməsi (əsasnaməsi) əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Dini mərkəz və ya idarə 15 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına göndərir. Dini mərkəzin, dini idarələrin, dini tədris müəssisələrinin, dini qardaşlıqların dövlət qeydiyyatına alınması üçün dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına təsis sənədi və nizamnamə (əsasnamə) təqdim edilir. Dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı 15 gün ərzində həmin sənədləri öz rəyi ilə birlikdə hüquqi şəxslərin dövlət qeydiyyatı orqanına göndərir. Dini qurumların dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatından imtina edilməsi, mübahisəli məsələlərin həlli və məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir. Maddə 13. Ləğv edilib. Maddə 14. Ləğv edilib. Maddə 15. Ləğv edilib III Fəsil. Dini qurumların əmlak vəziyyəti Maddə 16. Dövlətin, ictimai təşkilatların və ya vətəndaşların mülkiyyəti olan əmlakdan istifadə Dini qurumlar dövlət təşkilatlarının, ictimai təşkilatların və ya vətəndaşların müqavilə əsasında onlara verdikləri binalardan və əmlakdan öz ehtiyacları üçün istifadə hüququna malikdirlər. Yerli icra hakimiyyəti orqanları və dövlət idarələri dövlətin mülkiyyətində olan dini təyinatlı binaları və digər əmlakı dini qurumların əvəzsiz istifadəsinə verə bilərlər. Dini qurumlar dini təyinatlı binaların yerləşdikləri ərazi ilə birlikdə onlara verilməsində üstünlük hüququna malikdirlər. Dinə mənsub binaların və əmlakın dini qurumlara verilməsi barədə qərarlar müvafiq vəsatətin alındığı gündən etibarən ən geci bir ay müddətində qəbul edilir və bu barədə müraciət edənə yazılı şəkildə məlumat verilir. Dini qurumlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qayda ilə torpaq götürür və ondan istifadə edirlər. Maddə 17. Tarix və mədəniyyət abidələri olan əmlakın verilməsi və ondan istifadə Tarix və mədəniyyət abidələri olan tikililər və əşyalar dini qurumlara qanunvericiliyə müvafiq qaydada verilə və onlar tərəfindən istifadə oluna bilər. Maddə 18. Dini qurumların mülkiyyəti Binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər. Dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər. Xaricdə olan əmlak da dini qurumların mülkiyyətində ola bilər. Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilərlər. Dini qurumların mülkiyyət hüququ qanunla qorunur. Maddə 19. Dini qurumların istehsal və təsərrüfat fəaliyyəti Dini qurumlar qanunvericiliyə və öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq surətdə hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, istehsal, bərpa-tikinti müəssisələri, yetimxanalar, internatlar, xəstəxanalar və sair təsis edə bilərlər. Dini qurumların müəssisələrinin istehsal fəaliyyətindən götürülən mənfəət və onların digər gəlirləri üzərinə ictimai təşkilatların müəssisələri üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə müəyyən edilmiş qaydada və məbləğdə vergilər qoyulur. Maddə 20. Fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı barəsində sərəncam Dövlət təşkilatının, ictimai təşkilatların və ya ayrı-ayrı vətəndaşların dini qurumların istifadəsinə verdikləri vəqf olmayan əmlak onların fəaliyyətinə xitam verildikdən sonra əvvəlki sahibinə qaytarılır. Dini qurumun fəaliyyətinə xitam verildikdə, mülkiyyətində olmuş əmlak barəsində onun nizamnaməsinə (əsasnaməsinə) və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə sərəncam verilir. Dini qurumlara məxsus ayin təyinatlı əmlakdan kreditorların iddiaları üzrə haqq tutula bilməz. Hüquqi varis olmadıqda, əmlak dövlət mülkiyyətinə keçir. IV Fəsil. Dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqları Maddə 21. Dini ayinlər və mərasimlər Dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara münasib yerlərə, habelə bu və ya digər dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan istifadə etmək hüququna malikdirlər. İbadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbiristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələrinə mane ola bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir. Xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər orada olan şəxslərin xahişi ilə keçirilir. Həmin idarələrin müdiriyyəti ruhanilərin dəvət olunmasına yardım göstərir, ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və başqa şərtlərinin müəyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq ibadətlər, dini ayinlər və mərasimlər yığıncaq, mitinq, nümayiş və yürüşlərin keçirilməsi üçün müəyyən edilmiş qaydada icra olunur. Dini qurumlar xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, islah-əmək müəssisələrində olan vətəndaşlara ibadətlər keçirilməsi üzrə təkliflərlə müraciət etmək hüququna malikdirlər. Maddə 22. Dini ədəbiyyat və dini təyinatlı əşyalar Vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bunlardan istifadə edə bilərlər. Dini qurumlar dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal edə və sərbəst yaya bilərlər. Maddə 23. Dini qurumların xeyriyyə və mədəni-maarif fəaliyyəti Dini qurumlar həm müstəqil, həm də ictimai fondlar vasitəsi ilə və ya digər formada mədəni-maarif fəaliyyəti göstərirlər. Maddə 24. Dindarların və dini qurumların beynəlxalq əlaqələri və ünsiyyəti Vətəndaşlar və dini qurumlar tək və ya qrup halında beynəlxalq dini tədbirlərdə, xaricdə keçirilən dini mərasimlərdə iştirak edə, ziyarətlərə gedə bilərlər. Vətəndaşların dini tədris müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, qəbulu və din xadimlərinin mübadiləsi dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir. V Fəsil. Dini qurumlarda və onların müəssisələrində əmək fəaliyyəti Maddə 25. Dini qurumlarda əmək-hüquq münasibətləri Dini qurumlarda əmək şərtləri dini qurumla işçi arasında saziş üzrə müəyyən edilir və yazılı şəkildə bağlanan əmək müqaviləsində göstərilir. Dini qurum müəyyən edilmiş qaydada əmək müqaviləsini, ruhanilərin əmək haqqı şərtlərini müəyyən edən sənədləri qeydə alır. Əmək müqaviləsi üzrə dini qurumda işləyən vətəndaşlar həmkarlar ittifaqının üzvü ola bilərlər. Maddə 26. Dini qurumlarda işləyən vətəndaşların əmək hüququ Dini qurumlarda əmək müqaviləsi üzrə işləyən vətəndaşlara əmək qanunvericiliyinin tələbləri istisnasız tətbiq olunur. Vətəndaşların, o cümlədən ruhanilərin dini qurumlarda işdən əldə etdikləri gəlirdən ümumi qaydada vergi tutulur. Maddə 27. Dini qurumlarda işləyən vətəndaşların sosial təminatı və sosial sığortası Dini qurumlar, onların idarə və müəssisələri dövlət sosial sığorta fonduna və Azərbaycan Respublikasının pensiya fonduna ictimai təşkilatlar, onların idarə və müəssisələri üçün müəyyən edilən qaydada və məbləğdə ayırmalar verirlər. Dini qurumlarda işləyən bütün vətəndaşlara pensiya qanunvericiliyinə müvafiq olaraq ümumi əsaslarla təyin edilir. VI Fəsil. Dövlət orqanları və dini qurumlar Maddə 28. Dini etiqad azadlığı haqqında qanunvericilik üzərində nəzarət Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında qanunvericiliyinin icras ıüzərində nəzarət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə həyata keçirilir. Maddə 29. Dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı Dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı: - dini qurumların xahişi üzrə dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə onlara lazımi yardım göstərir; - müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətin möhkəmlənməsinə kömək edir; - dini qurumların bu Qanunla nəzərdə tutulmuş qaydada nizamnamələrinin (əsasnamələrinin) qeydə alınmasını, habelə onlara dəyişiklik və əlavələr edilməsini həyata keçirir; - xarici dövlətlərin müvafiq orqanları ilə əlaqə saxlayır; - Azərbaycan Respublikasında dini qurumlar, dini etiqad azadlığı haqqında qanunvericiliyin icrası üzrə məlumat bankı yaradır; - dini təşkilatların beynəlxalq dini hərəkatlarla, forumlarla, beynəlxalq dini mərkəzlərlə və xarici dini qurumlarla işgüzar əlaqələrdə iştirakına kömək edir; - dini mərkəzdən və dini idarələrdən və digər dini qurumlardan zəruri məlumatlar alır; - dini qurumların nümayəndələrinin və müvafiq mütəxəssislərin iştirakı ilə dinşünaslıq ekspertizası aparılmasını təmin edir. Maddə 30. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasında günahkar olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Maddə 31. Beynəlxalq müqavilələr Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilədə dini etiqad azadlığı haqqında daxili qanunvericilikdə olduğundan fərqli qaydalar olduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur. Bakı şəhəri, 20 avqust 1992-ci il 7 iyun 1996-cı il tarixli 117-1QD saylı, 5 noyabr 1996-cı il tarixli 188-1QD saylı, 27 dekabr 1996-cı il tarixli, 10 oktyabr 1997-ci il tarixli 380-1QD saylı dəyişiklik və əlavələrlə.
 
 
  Bugün 25 ziyaretçi (31 klik) kişi burdaydı!
SAYTIMIZA XOŞ GƏLMİSİZ . DOST SAYTLAR www.zaqatala.azersayt.com///www.3-tala-mektebi.tr.gg www.zaqatala.azersayt.com www.zaqatalammenim.azeriblog.com www.islam.azeriblog.com www.zaqatala-seyahetklubu.tr.gg www.alazan.s5.com www.zaqatala.tr.gg www.zaqatlali.cbox.ws (chat)///Copyright
Andrei512 - Открытое ПО
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol